Nəhayət, XX əsrin sonlarında Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş konstitusiya aktında göstərilirdi ki, Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. İndi 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd edilir.
18 Sentyabrda qeyd edilən Milli Musiqi Günü Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Dahi bəstəkarın ad gününün bayram kimi keçirilməsi ənənəsinin əsasını görkəmli dirijor və bəstəkar maestro Niyazi qoymuşdur. Üzeyir bəyin vəfatından sonra hər il sentyabrın 18-də Bakı Musiqi Akademiyasının önünə minlərlə insan toplaşardı. Niyazinin rəhbərliyi ilə Ü.Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkarın möhtəşəm əsərləri səslənərdi. 1995-ci ildə bəstəkarın 110 illik yubileyi ərəfəsində Heydər Əliyevin fərmanı ilə 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı.
Beləliklə, 8 rəqəminin xalqımızın taleyində uğurlu olduğunu söyləmək olar. Amma... 1992-ci ilin may ayından sonra 8 rəqəmi bizdə tamamilə başqa hisslər yaratdı. Azərbaycanın baş tacı, göz bəbəyi olan Şuşamızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra bizim bu rəqəmə münasibətimiz dəyişdi. Bu rəqəmin adı çəkiləndə hər dəfə dərin ağrı, nisgil, xəcalət hissi keçirirdik. Nə yaxşı ki, həyatımıza müzəffər ordumuzun Şuşanı azad etdiyi 8 noyabr tarixi gəldi. Beləliklə, illərlə ürəyimizi sıxan dərdi, əzabı, 8 rəqəmindən isə üzüqaralığı sildi. 8 Noyabr mənliyimizin, qürurumuzun bərpası günü kimi, Zəfər Günü kimi düşdü tariximizə!
Rafiq Yusifoğlunun "Səkkizin nağılı" əsəri
əsasında işlənmişdir.