Acından arıqlamış at bir neçə günün içində özünə gəldi və atılıb-düşməyə, vurnuxmağa başladı. Atın genişlik istədiyini anlayan Lorens onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki bu adam ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa, o, Atın dilini tapmışdı, onunla azərbaycanca danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl mənzərəli yerlərinin birində - dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan toplaşmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. "Qarabağ gözəli" də onların arasında idi. Atı Lorens özü sürəcəkdi. İşarə verilən kimi At ildırım sürəti ilə irəli atıldı. "Qarabağ gözəli" rəqiblərini bir-bir arxada qoyaraq irəli keçəndə Lorens sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay- küy içində Atın qulağı belində daşıdığı adamın yad dildə dediyi sözləri aldı, sürəti yavaşıdı. O artıq ayaqları altındakı torpağın yadlığını hiss edirdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşıda açılan nəhəng düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür. Bütün qüvvəsi ilə irəli atıldı.
Finişə çatmağa bir neçə addım qalmış Lorens yenə də öz dilində "Qələbə!" deyə bağırdı. Bu bağırtı Atı diksindirdi. O, şahə qalxaraq dəli bir kişnərti çəkdi. Lorens qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, bir də şahə qalxdı və qəzəblə ayaqlarını yerə çırpdı. Bu zərbədən sanki torpaq titrədi. At üçüncü dəfə şahə qalxaraq dəli bir kişnərti ilə Lorensi belindən atdı və finiş xəttini təkbaşına keçərək öz cıdırına sarı üz tutdu.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər. Qarabağ atını həsrət çulğamışdı. Baş götürüb onu böyüdən, yetişdirən yurduna doğru qaçırdı. Lakin nə qədər qaçırdısa, doğma torpağın qoxusu dəymirdi burnuna. Bu yerlər nə qədər gözəl olsa da, nə qədər Qarabağ çöllərini xatırlatsa da, yad idi, yadların idi. O isə öz yurdunu, öz torpağını axtarırdı, ona görə də dəli kimi ürəyi atlana-atlana qaçır, qaçır, qaçırdı... Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə gəldi. Bir neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta iki-üç addım irəli getdi də. Amma artıq yaşıllıq qurtarmışdı, qarşıda gözqamaşdırıcı işıqlara bürünmüş yad bir şəhər görünürdü. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa taqəti çatmadı, torpağa sərildi. Get-gedə altındakı torpağın soyuğu canına işləyirdi. Gözləri səmaya baxırdı.