Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən ürkərək meşəyə tərəf qaçmışdı. Atəş birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. O da atılmışdı. Doğma həyətə girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Saatlarca həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı... tapmadı. Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu tumarlayan əllər necə yox ola bilər, hər gün belində gəzdirdiyi kəslər onu necə unuda bilər. Amma unudulmuşdu.
Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüklərini görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma torpağın bir parçasını dırnaqları arasında özü ilə apardı.
O gündən ayağı doğma torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi Lorens adlı bir əcnəbi idi. Neçə illər İsveçrədə yaşasa da, Qarabağda türklərin arasında böyüdüyündən atları çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən At ağzını dərhal ota uzadıb tez də geri çəkdi, ağzına aldığı otu yerə tökdü. Lorens bir neçə yerdən cürbəcür ot gətirdi, At heç birini yemədi. Əcnəbini fikir götürdü, belə getsə, At acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər çalışsa da, At onun üzünə belə baxmır, heç nəyə ağzını vurmadan hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Lorens yenə xeyli pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan At dəli kimi kişnədi, əvvəlcə otu yaladı, yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.