Bu, adi bir supermarket idi nə böyük, nə də kiçik. Müştəriləri o qədər də çox deyildi. Buraya gələnlər, əsasən, ətraf binaların sakinləri idi. Üç ay əvvəl həmin küçədən iki tin yuxarıda daha iri supermarket açıldıqdan sonra burada alış-veriş xeyli zəifləmişdi. İş o həddə çatmışdı ki, satıcılar günün çox hissəsini bir-biri ilə söhbət etməklə keçirirdilər. Şayiə gəzirdi ki, yaxınlarda supermarket bağlanacaq. Lakin günlərin bir günü supermarketə yeni müdir təyin olundu və tez bir zamanda hər şey dəyişdi.
Həsən bəy müdir təyin olunan günün səhəri supermarketdə divara lövhə vuruldu:
“Müştərilərə hörmət və qayğı ilə yanaşın. Sizə maaş verən onlardır”.
Həmin gün axşam Həsən bəy bütün işçiləri iclasa yığdı. Əvvəlcə o hamı ilə tanış oldu. Söhbət zamanı hər kəsə öz adı ilə müraciət etməsi işçiləri çox təəccübləndirdi. Bu qədər adamın adını ilk dəfədən yadda saxlaması istər-istəməz yeni müdirə qarşı rəğbət hissi yaratdı.
Həsən bəy işçilərə dedi:
– Çalışın, marketimizə gələn insanlarla ünsiyyətdə alıcı-satıcı münasibətlərindən bir qədər kənara çıxasınız. Siz bu insanları, demək olar, hər gün görürsünüz. Onların da, yəqin ki, bir xoş sözə, səmimi təbəssümə ehtiyacı var. Hər bir işdə uğur gətirən əsas amillərdən biri də yaradıcı yanaşmadır. Hər bir şəxs öz işini Səttar Bəhlulzadənin şəkil çəkdiyi, Üzeyir bəyin musiqi bəstələdiyi, ya da Füzulinin şeir yazdığı kimi yerinə yetirməlidir.
Bu zaman cavan bir oğlan əlini qaldırıb söz istədi. Bu, supermarketdə şən və zarafatcıl adam kimi tanınmış Səlim idi. O ayağa qalxıb dedi:
- Həsən bəy, mənim işim kassanın yanında dayanıb müştərilərin aldığı malı torbalara doldurmaqdır. Deyə bilərsinizmi, mən bu işi yaradıcı şəkildə necə görə bilərəm?