BÖLMƏ 9
Zəlzələnin təsirləri
Zəlzələlər ətraf mühit və insanların həyatı üçün fəsadlara yol açır. Belə ki, binalar çökür, körpülər və yollar dağılır. Torpaq sürüşür, borular yararsız hala düşür, işıq və internet kabelləri zədələnir. Əhalinin sıx olduğu ərazilərdə zəlzələ insanların tələfatına və ciddi yaralanmasına səbəb olur.
Okeanda baş verən güclü zəlzələlər sunami ilə nəticələnir. Sunami zəlzələ baş verdikdə yaranan nəhəng su dalğasıdır. Bəzi hallarda dəniz və ya okean sularının quru səthinə daxil olmasına yol açır. Sunami baş verən ölkənin büdcəsinə külli miqdarda ziyan dəyir.
Litosfer tavalarının hərəkəti
Ölkəmizin ərazisi Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhədində yerləşmişdir. Məhz bu səbəbdən ölkəmizin bütün zonalarında seysmiklik müşahidə edilir. Məsələn, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ böyük dağıntılara və insan itkilərinə səbəb olmuşdur. Güclü zəlzələ uçqun törədərək Ağsu çayının qarşısını kəsmişdir. Bunun nəticəsində Göygöl əmələ gəlmişdir. 1902-ci ilin yanvar ayında baş vermiş təbii fəlakət zamanı isə Şamaxı şəhərinin böyük bir hissəsi dağılmış və tarixi abidələrimizin müəyyən hissəsi məhv olmuşdur.