BÖLMƏ 8
Bilirsinizmi?
İsti günlərdə Yer səthinə yaxın olan hava kütləsi səthdən yuxarıda olan hava ilə müqayisədə daha çox qızır. Bu zaman temperaturları fərqli olan hava təbəqələri yaranır və işığın sınması baş verir. Nəticədə yollarda bulanıq görüntülər yaranır. Bu hadisə nəticəsində səhrada səyahət edən insanlara elə gəlir ki, sanki bir az irəlidə su var. İşığın sınmasının səbəb olduğu bu göz aldanmasına ilğım deyilir.
Göyqurşağı necə yaranır?
İşığın sınmasının göyqurşağının yaranması ilə hansı əlaqəsi var? Maraqlıdır ki, müxtəlif rənglər fərqli bucaq altında sınır və bunu ilk dəfə Günəşin ağ işığını prizmadan keçirən İsaak Nyuton göstərmişdir. Gəlin, Nyutonun bu təcrübəsinə yaxından baxaq.