BÖLMƏ 8
Biz işığın şəffaf maddələrin daxilində yayıla bildiyini öyrəndik. İşığın yayıldığı maddələrə mühit deyilir. İşıq müxtəlif mühitlərdə müxtəlif sürətlə hərəkət edir. Bu hal avtomobilin hamar asfalt yoldan palçıqlı yola keçməsinə bənzəyir. Belə ki, avtomobil hamar yoldan palçıqlı yola daxil olduqda onun sürəti azalır. Avtomobil palçıqlı yola bucaq altında girdikdə isə onun istiqaməti də dəyişir. Bunun səbəbi avtomobilin təkərlərindən birinin palçıqlı yola digərindən əvvəl girməsi və yavaşlamasıdır.
İşıq da bir mühitdən başqa mühitə müəyyən bucaq altında keçəndə sürəti dəyişdiyi üçün istiqamətini dəyişir. Bu hadisəyə işığın sınması deyilir. İşığın sınmasının səbəbi müxtəlif mühitlərdə onun sürətinin fərqli olmasıdır.
Şüalar cismin havadakı hissəsindən birbaşa, sudakı hissəsindən isə sudan havaya keçərkən sınaraq gəldiyi üçün cisimləri olduqlarından fərqli görürük.
İşıq havadan şüşəyə daxil olan zaman istiqamətini dəyişir. Şüşə daxilində düz xətt boyunca yayılan işıq, şüşədən havaya keçərkən istiqamətini bir daha dəyişir.