İŞIQ VƏ GÖRMƏ
Düşün, müzakirə et, paylaş
Yuxarıdakı fəaliyyətlər nəticəsində, ağ işığın əslində müxtəlif rənglərdən ibarət olduğunu müşahidə etdiniz. Sizcə, ağ işığı tərkibindəki rənglərə ayırmaq olarmı?
İşığın sınması
Göyqurşağının necə yarandığını tam izah edə bilmək üçün biz işığın başqa bir maraqlı xüsusiyyətini də öyrənməliyik.
Hovuzda və ya dənizdə çimərkən suda qalan ayaqlarınıza heç baxmısınızmı?
Yəqin ki, əllərinizin və ayaqlarınızın suda və sudan kənarda fərqli göründüyünü müşahidə etmisiniz. Bunun səbəbinin nə olduğu haqqında düşünmüsünüz? Bu sualın da cavabını təcrübə aparmaqla tapmağa çalışaq!
Fəaliyyət 8
Gəlin karandaşı əyək!
Məqsəd.
İşığın sınması nəticəsində karandaşın şəklinin necə dəyişdiyini müşahidə etmək
Ləvazimat.
Stəkan, karandaş və su
Təlimat.
Addım 1.
Karandaşı boş bir stəkana qoyub yuxarıdan və yan tərəfdən müşahidə edin.
Addım 2.
Stəkana su doldurub karandaşı bir daha yuxarıdan və yan tərəfdən müşahidə edin.
Nəticə çıxarın:
Boş və su ilə dolu stəkanlardakı karandaşın görünüşləri arasında hansı fərqi müşahidə etdiniz? Bu fərqi nə ilə izah edə bilərsiniz?