BÖLMƏ 8
İşığın güzgülərdən əks olunmasını topun sərt bir səthdən sıçramasına oxşada bilərik.
Birinci şəkildə Nicat topu aşağı istiqamətdə hamar bir yerə atarsa, top yerə dəydikdən sonra eyni yolla yuxarı qayıdır.
İkinci şəkildə isə Nicat topu müəyyən bucaq altında yerə atır və top yerə dəydikdən sonra eyni bucaq altında Nicatdan uzaqlaşır. İşığın əks olunmasının da topun qayıtması kimi simmetrik olduğunu görə bilərik. İşığın düşmə və qayıtma bucaqları düşmə nöqtəsində səthdən qaldırılan perpendikulyara nəzərən ölçülür. İşığın qayıtma bucağı hər zaman düşmə bucağına bərabərdir. İşığın bu xüsusiyyətindən istifadə edərək müxtəlif faydalı cihazlar düzəltmək olar.
Belə cihazlardan biri periskopdur. Periskop gizlənərək ətrafı görməyimizə imkan verən cihazdır. Məsələn, okean və dənizlərdə üzən gəmiləri sualtı qayıqlardan müşahidə etmək üçün periskopdan istifadə olunur.