ENERJİ VƏ FƏALİYYƏT
Bilirsinizmi?
Beynəlxalq Kosmik Stansiya kosmosda qurulmuş elmi mərkəzdir. O, Yer səthindən 300-350 km hündürlükdə, 30000 km/saat sürətlə Yer kürəsinin ətrafında fırlanır. Bu stansiyada müxtəlif ölkələrdən olan astronavtlar yaşayır və elmi fəaliyyətlə məşğul olurlar. Bəs Yerdən bu qədər uzaqda olan kosmik stansiyada cihaz və avadanlıqların istifadə etdiyi elektrik enerjisi haradan əldə edilir?
Stansiyada istifadə olunan elektrik enerjisi hər birinin eni 12 metr, uzunluğu isə 24 metr olan günəş panelləri vasitəsilə əldə olunur. Bu panellər Günəşdən gələn işıq enerjisini elektrik enerjisinə çevirir.Təxmin etdiyiniz kimi, panellərin üzərinə heç də həmişə günəş işığı düşmür. Stansiya Yer ətrafında fırlandığı üçün bəzən Yerin kölgəsində qalır. Bu zaman Yer kürəsi günəş işığının qarşısını kəsir və panellər elektrik enerjisi təmin edə bilmir.
Bu problemi həll etmək üçün panellərin üzərinə günəş işığı düşərkən əldə olunan enerjinin bir hissəsi batareyalarda yığılır. Stansiya kölgədə olarkən batareyalarda yığılmış enerjidən istifadə edilir.