BÖLMƏ 6

24

BƏRPA OLUNMAYAN VƏ BƏRPA OLUNAN ENERJİ

MƏNBƏLƏRİ HANSILARDIR?

Bərpa olunmayan enerji mənbələri

Hazırda dünyada istifadə olunan enerjinin böyük hissəsi kömür, təbii qaz və neft məhsulu olan mazutdan əldə edilir. Qaz, kömür və neft milyonlarla il əvvəl yerin dərin qatlarında heyvan və bitki qalıqlarından yaranıb. Bu yanacaq maddələri bərpa olunmayan enerji mənbələridir. Çünki onların miqdarı məhduddur və yeni mənbələrin yaranması üçün uzun müddət keçməlidir. Bərpa olunmayan enerji mənbələrindən istilik elektrik stansiyalarında elektrik enerjisi istehsal etmək üçün istifadə olunur. Lakin istilik elektrik stansiyaları atmosferə böyük miqdarda zərərli qazlar buraxır və onun çirklənməsinə səbəb olur.

İstilik elektrik stansiyasında baş verən enerji çevrilmələri:

kimyəvi enerji (yanacaq) -> istilik enerjisi (su) -> kinetik enerji (buxar) -> kinetik enerji (turbinin pərləri) -> elektrik enerjisi (generator)