QARIŞIQLAR
Bilirsinizmi?
Dünyanın ən böyük canlılarından olan göy balinaların və qozbel balinaların dişləri yoxdur. Bəs bu nəhəng balinalar necə qidalanır? Bu balinalarda olan “bığlar” adlanan hissə qidanı sudan ayırır. Belə ki, balina ağzını açıb kiçik balıqları su ilə birlikdə ağız boşluğuna alır. Daha sonra ağzını bağlayır və dilini üst çənəsinə doğru sıxır. Su bığlar vasitəsi ilə çölə süzülür və balina ağzında qalan qidanı udur.
Buxarlandırma üsulu
Həll olan bərk maddələri mayelərdən ayırmaq üçün, adətən, buxarlandırma üsulundan istifadə olunur. Bu zaman qarışığı qızdırırıq. Nəticədə su buxarlanır və duz qabın dibində qalır.
Suyun qaynama temperaturu aşağı olduğuna görə su buxarlanır, xörək duzu isə qabda qalır. Bu fiziki proses zamanı qarışığı əmələ gətirən maddələrin tərkibi dəyişmir.
Fəaliyyət 4
Məhluldan həll olan bərk maddələrin ayrılması
Məqsəd.
Xörək duzu-su məhlulundan duzun ayrılmasını müşahidə etmək
Ləvazimat.
Kasa, qaşıq, qızdırıcı, su, xörək duzu
Təlimat.
Addım 1.
Bir kasa suya iki xörək qaşığı duz əlavə edin.
Addım 2.
Qarışığı duz tam həll olana qədər qarışdırın.
Addım 3.
Duzlu su olan kasanı su tam buxarlanana qədər qızdırın. Qızdırıcıdan istifadə etdikdə ehtiyatlı olun.
Nəticə çıxarın.
Nə müşahidə etdiniz? Başqa hansı maddəni qarışıqdan bu üsulla ayırmaq olar?