BÖLMƏ 5
Təlimat.
Addım 1.
Süzgəc kağızından şəkildəki addımları izləyərək süzgəc düzəldin və onu şüşə qıfa yerləşdirin.
Addım 2.
Süzgəcə bir neçə damcı su tökün. Bu süzgəcin qıfa yapışmağına kömək edəcək.
Addım 3.
Qıfı stəkanın üzərinə yerləşdirin.
Addım 4.
Bulanıq suyu yavaş-yavaş süzgəcdən keçirin.
Nəticə çıxarın.
Nə müşahidə etdiniz?
Bulanıq su ilə süzgəcdən keçən su arasında fərq nədir?
Süzgəcin rolu nədən ibarətdir?
Suda həll olmayan bərk maddəni (məsələn, qumu) sudan ayırmaq üçün onların qarışığını süzgəc kağızı vasitəsilə süzməklə ayırırlar. Süzgəc kağızının çox xırda dəlikləri var. Bu dəliklər suyu keçirsə də, suda həll olmayan bərk maddənin keçməsinə imkan vermir. Nəticədə suda həll olmayan bərk maddə (qum) süzgəc kağızında qalır.
Bilirsinizmi?
Daşların yonulması zamanı havaya çoxlu miqdarda toz zərrəcikləri yayılır. Ustalar bu işləri görən zaman toz zərrəciklərinin onların nəfəs yollarına getməməsi üçün maskadan istifadə edirlər. Maska burda süzgəc rolunu oynayır.
Bu üsul süzmə üsulu adlanır. Gördüyünüz kimi, qarışıqdan maddələri süzmə üsulu ilə ayırdıqda bu qarışığı əmələ gətirən saf maddələri əldə edirik. Su və qumun qarışdırılması kimi onların süzmə üsulu ilə ayrılması da fiziki hadisədir.
Qum və su qarışığı
Süzüləndən sonra ayrılan qum və su