FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR
Kimyəvi reaksiyaların əlamətləri
Kimyəvi reaksiyalar müxtəlif əlamətlərlə müşahidə olunur. Məsələn, qazın ayrılması, istiliyin ayrılması, rəngin dəyişməsi, iyin hiss olunması və s. Xəmir yoğurarkən ona bir qədər maya əlavə edilir. Bu zaman baş verən kimyəvi reaksiya nəticəsində karbon qazı əmələ gəlir. Bu isə öz növbəsində xəmirin şişməsinə və çörəyin yumşaq olmasına səbəb olur.
Bəzi kimyəvi reaksiyalar nəticəsində istilik əmələ gəlir. Məsələn, təbii qaz yandırıldıqda istilik ayrılır. Biz bu istilikdən evimizin qızdırılmasında, yeməyin hazırlamasında və suyun qaynadılmasında istifadə edirik.
Avtomobillərin mühərriklərində də yanacağın yanma reaksiyası baş verir. Bu zaman ayrılan istilik hərəkət enerjisinə çevrilir. Alınan bəzi maddələr isə avtomobildən qaz şəklində ayrılır. Bu zaman atmosferə zərərli qazlar da buraxılır.