MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
15
TƏBİƏTDƏ SU DÖVRANI
Su Yer kürəsindəki ən əhəmiyyətli maddələrdən biridir. Canlıların yaşaması üçün suya ehtiyac var. Hər gün milyardlarla litr su istifadə olunmasına baxmayaraq, suyun miqdarında ciddi dəyişiklik olmur. Bunun səbəbi təbiətdə daimi su dövranının baş verməsidir. Su dövranı mütəmadi olaraq suyun yer səthindən buxarlanması və yenidən yer səthinə qayıtmasıdır.
Nə üçün suyu qorumalıyıq?
Bildiyiniz kimi, Yer səthinin təxminən 2/3 hissəsi su ilə örtülmüşdür. Bu su ehtiyatlarının sadəcə 1/50 hissəsi şirin suyun payına düşür. Şirin suyun çox hissəsi aysberqlər və dağlarda buzlaqlar şəklində toplanır. Buna görə də Yer kürəsində şirin su ehtiyatının çox az hissəsi istifadə oluna bilir.
Şirin su ehtiyatları az və canlıların yaşaması üçün vacib olduğu üçün çox qiymətlidir. Biz suyu qənaətlə istifadə etməli və onu çirkləndirməməliyik.
Bilirsinizmi?
Gündəlik həyatımızda biz su içməklə bərabər müxtəlif qidaların tərkibində də su qəbul edirik. Orta yaşlı insan sutkada təqribən 1 litr yarım su qəbul etməlidir. İnsan susuz bir neçə gündən çox yaşaya bilməz.