MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
Kondensasiya nədir?
İsti duş qəbulundan sonra vanna otağındakı güzgünün “tərlədiyini” müşahidə etmişsinizmi? Bunun yaranmasına səbəb nədir?
Bu proses kondensasiya adlanır. Kondensasiya buxarlanmanın əksidir. Kondensasiya qaz halında olan maddənin maye halına keçməsi prosesidir. Gündəlik həyatımızda su buxarının kondensasiyası ilə tez-tez rastlaşırıq. Bu zaman su buxarının temperaturu aşağı düşür və su damcılar şəklində kondensasiya olunur.
Vanna otağında güzgünün tərləməsinə səbəb onun səthinin kiçik su damcıları ilə örtülməsidir. İsti suyun buxarlanması nəticəsində yaranan su buxarı güzgünün soyuq səthi ilə təmasda olur. Su buxarı soyuyur və su damcıları şəklində kondensasiya olunur.
Səhər tezdən otun üzərində gördüyümüz su damcıları şeh adlanır. Şehin əmələ gəlməsi də havada olan su buxarının otun üzərində kondensasiya olunmasıdır.
Soyuq meyvə şirəsi bankalarının xarici səthində yaranan su damcılarını müşahidə etmişsiniz. Havada olan su buxarı bankanın soyuq səthi ilə təmasda olur, temperatur sürətlə aşağı düşür və buxar su damcılarına çevrilir.
Su qaynayanda əmələ gələn buxar havada soyuyur, kondensasiya edərək kiçik su damcılarına çevrilir. Müşahidə etdiyimiz buxar bu su damcılarından əmələ gəlir. Təbiətdə tez-tez rastlaşdığımız dumanın və buludun əmələ gəlməsi də eyni cür baş verir. Buludda və dumanda olan su damcıları toplanaraq daha böyük su damcıları əmələ gətirir. Bu da yağışın yağması ilə nəticələnir.