MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
Buxarlanmaya təsir edən amillər
Temperatur
İsti havada su daha çox qızır və daha sürətlə buxarlanır. Buxarlanma gecə ilə müqayisədə gündüz daha sürətlə baş verir. Buna səbəb günəşin istiliyi hesabına suyun qızmasıdır. Gəlin, şəkildə göstərilən təcrübə ilə tanış olaq. Başlanğıcda qablar eyni miqdarda su ilə doldurulur. A qabındakı su B qabına nisbətən daha sürətli buxarlanır, çünki ətrafındakı temperatur daha yüksəkdir.
Külək
Buxarlanma nəticəsində suyun səthində yaranan su buxarı küləyin təsiri ilə daha sürətlə ətrafa yayılır. Bu, havaya daha çox su buxarının çıxmasına səbəb olur. Külək nə qədər güclü olarsa, buxarlanma da bir o qədər sürətli olar. Şəkildən göründüyü kimi, B qabında küləyin təsiri nəticəsində buxarlanma sürəti A qabına nisbətən çox olur.
Hava ilə təmasda olan səthin sahəsi
Mayenin hava ilə təmasda olan səthinin sahəsi nə qədər böyük olarsa, istilik və külək su ilə daha çox təmasda olur. Nəticədə mayenin buxarlanması sürətlənir. Şəkildən göründüyü kimi, hava ilə təmasda olan səthinin sahəsi daha böyük olan B qabındakı su daha sürətlə buxarlanacaq.
Rütubət
Rütubət havada mövcud olan su buxarının miqdarıdır. Havada rütubət nə qədər yüksək olarsa, buxarlanma bir o qədər aşağı olar. Siz rütubətli havada yaş paltarların gec quruduğunun şahidi olmuşsunuz. Buxarlanmaya rütubətin təsirini şəkildə verilmiş təcrübədə müşahidə edə bilərik. Şəkildən göründüyü kimi, B halında içərisində su olan qab hava keçirməyən qab ilə örtülmüşdür. Bu qabda olan suyun buxarlanması nəticəsində ayrılan su buxarı kiçik həcmə yayıldığı üçün rütubəti artırır. Nəticədə A halına nisbətən B halında su daha gec buxarlanır.