MADDƏNİN HALLARI VƏ ÇEVRİLMƏSİ
14
MADDƏNİN HALININ DƏYİŞMƏSİ
Bərk, maye və qazlar qızdırıldıqda və ya soyudulduqda bir haldan digər hala keçir.
Maddələr donma, ərimə, qaynama, buxarlanma kimi proseslər nəticəsində halını dəyişir. Qızdırıldıqda və ya soyudulduqda maddələrin hal dəyişməsini araşdıraq. Maddənin halının dəyişməsi müəyyən temperaturda baş verir. Bərk maddəni qızdırdıqda onu təşkil edən zərrəciklər daha sürətli hərəkət etməyə başlayır və onlar bir-birindən müəyyən qədər uzaqlaşır. Nəticədə bərk maddələr əriyərək maye halına keçir. Qızdırılma davam edərsə, zərrəciklər arasındakı məsafə daha da artır və maye buxarlanaraq qaz halına keçir.
Ərimə nədir?
Ərimə maddənin bərk haldan maye halına keçməsidir. Bu bərk maddələrin qızdırılması nəticəsində baş verir. Bərk maddənin maye halına keçdiyi temperatur onun ərimə temperaturu adlanır. Buzun ərimə temperaturu 0°C-dir. Buz əriyib qurtarana qədər olan müddətdə temperatur 0°C-də qalır.
Donma nədir?
Donma maddənin maye haldan bərk hala keçməsidir. Donma maye soyuduqda baş verir və ərimənin əksidir. Mayenin bərk hala keçdiyi temperatur onun donma temperaturu adlanır. Suyun donma temperaturu 0°C-dir. Temperatur 0°Cyə düşdükdə su donmağa başlayır. Hər bir maddənin ərimə və donma temperaturu eynidir. Belə ki, buzun ərimə və suyun donma temperaturu 0°C-dir.