CANLILARIN MÜXTƏLİFLİYİ
9
CANLILARI NECƏ TƏSNİF EDİRİK?
Sizlərdən bir çoxunuz, yəqin ki, kitab mağazasında olmuşsunuz. Sizcə, orada kitabları rəflərə nəyə əsasən düzürlər?
Yer kürəsində canlılar olduqca müxtəlifdir. Onlar ölçü, forma, rəng və quruluşuna görə bir-birindən fərqlənir. Lakin canlılar nə qədər fərqlənsələr də, onların hamısının təbiətdə və insanın həyatında əhəmiyyəti böyükdür. Bu da insanı təbii zənginlikləri və canlıların müxtəlifliyini fəal surətdə öyrənməyə məcbur edir. Canlıları daha asan öyrənmək üçün onları müxtəlif qruplara bölürlər. Bu proses təsnifat adlanır.
Sizcə, hansı əlamətlərinə görə alimlər müxtəlif canlıları qruplaşdırırlar?
Fəaliyyət 1
Canlıları necə qruplaşdırmaq olar?
Məqsəd.
Müxtəlif əlamətlərinə görə heyvan və bitkilərin qruplaşdırılması
Ləvazimatlar.
Kağız, qayçı, rəngli markerlər
Təlimat.
Addım 1.
Yaşadığınız ərazidə sizə məlum olan beş fərqli heyvan və bitki adını dəftərinizə qeyd edin.
Addım 2.
Hər bir canlı üçün kart hazırlayın və onların xüsusiyyətlərini qeyd edin.
Addım 3.
Qeyd etdiyiniz canlıların oxşar və fərqli əlamətlərini müəyyən edin.
Addım 4.
Qeydləriniz əsasında cədvəl və ya diaqram hazırlayın.
Addım 5.
Oxşar əlamətlərin qeyd olunduğu kartları qruplara bölün. Bu qrupları adlandırın.
Nəticə çıxarın.
1. Canlılar hansı əlamətlərinə görə biri-birinə oxşayır? Bəs onlar necə fərqlənirlər?
2.
Sizcə, bu heyvanların qanadları, dimdikləri və ya quyruqları varmı? Bitkilərin
toxum və ya çiçəkləri varmı?
3.
Apardığınız bu bölgünü digər canlılara da aid etmək olarmı?
4.
Hər bir qrupa əlavə edilə biləcək başqa heyvan və bitkilər fikirləşin.