İNSAN ORQANİZMİ
Bilirsinizmi?
İstirahət edərkən 6–15 yaşlı uşaqlarda ürək dəqiqədə 70–100, 18 yaşdan yuxarı insanlarda isə 60–100 dəfə yığılıb-boşalır. Bu ritmik yığılmalar ürək döyüntüsüdür. Hərəkətdə olarkən isə ürək döyüntülərinin sayı artır
Fəaliyyət 9
Ürək necə işləyir?
Məqsəd.
Qab və iki şirə çöpündən istifadə edərək ürək modelinin hazırlanması
Ləvazimatlar.
Ölçü stəkanı və ya ağzı geniş olan banka, yastı iri şüşə qab, 2 ədəd şirə çöpü, yapışqanlı lent, çubuq şiş, qayçı, su, rezin şar, qırmızı boya
Ürəyin necə işlədiyini nümayiş etdirmək üçün hazırlanmış model
Təlimat.
Addım 1.
Rezin şarın yuxarı dar hissəsini kəsin və kənara qoyun.
Addım 2.
Sonra şarı dartıb içində su olan bankanın ağzına keçirin. Elə edin ki, şarın səthi tam hamar olsun.
Addım 3.
Çubuq şişin iti ucu ilə şarın səthində ehtiyatla iki dəlik açın. Dəliklər bir-birinin qarşısında və təxminən 3 sm məsafədə olmalıdır.
Addım 4.
Şardan kəsdiyiniz hissəni çöplərdən birinin ucuna elə keçirin ki, çöpün dəliyi qapansın. Sonra şarı yapışqan lentlə çöpə bağlayıb bərkidin.
Addım 5.
Daha sonra şirə çöplərini uzun uclarından dəliyə salın. Çöplər bu dəliklərdə elə kip yerləşməlidir ki, bankaya hava keçə bilməsin.
Müşahidə:
Bankanı yastı iri şüşə qabın içinə qoyun. Çöpləri aşağıya doğru əyin. Bankanın ağzına dartıb keçirdiyiniz şarın orta hissəsindən yavaşca basın və bankadakı suyun hərəkətini izləyin.