26
|
Muzeylər
|
Bütün dövrlərdə sənətkarlar nadir incəsənət əsərləri yaratmışlar. Bu əsərlərin ən yaxşıları muzeydə saxlanılır. Muzeylər müxtəlif olur. Ölkəmizdə sayca ən çox olan diyarşünaslıq muzeyləridir. Orada bizim dövrə qədər insanların necə yaşadığını görə və öyrənə bilərsiniz.
Digər muzeylər də var: oyuncaq muzeyi, qab-qacaq muzeyi, kəlağayı muzeyi, xalça muzeyi, hətta fənər muzeyi.
Ölkəmizin məşhur muzeylərindən biri Azərbaycan Dövlət İncəsənət Muzeyidir. Burada sənət əsərləri — xalça, zərgərlik və keramika məmulatları, xalq tikmələri, milli geyimlər və başqa eksponatlar saxlanılır.
Muzeyə daxil olarkən sanki möcüzələr aləminə düşürsünüz. Orada ölkəmizin və dünyanın tanınmış rəssam və heykəltəraşlarının yaradıcılığı ilə tanış olursunuz.
Muzeylərdə sənət əsərləri nümayiş olunur, öyrənilir, bərpa edilir və qorunur.
Muzey zallarında müxtəlif ekspozisiyaların tərtibatı ilə rəssamlar məşğul olurlar. Zallarda hər zaman sakitlik hökm sürür.