TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
28. MƏİŞƏT AVADANLIĞI.
ELEKTRON MAŞINLAR
Gəlin bundan iki yüz il əvvəl insanların necə yaşadığını təsəvvür
edək. O zaman məişət texnikası olmadan insan necə
yaşayırdı?
Şəkildəki məişət avadanlığına diqqət yetirin.
Onlara rast gəlmisinizmi?
Bu məişət əşyaları hansı işləri görür?
Şəkildə təsvir olunmuş məişət avadanlıqları məişətdə geniş istifadə olunur. Təyinatına görə onlar müxtəlif işləri yerinə yetirir.
Soyuducu ərzaqları uzun müddət korlanmaqdan qoruyur.
Paltaryuyan və qabyuyan maşın uyğun olaraq paltarları və qabları yumaqda insana kömək edir.
Elektrik ətçəkən maşın mexaniki ətçəkən maşını əvəz edərək insanın işini yüngülləşdirir.
Kondisioner yayda otaqdakı havanı soyudur, qışda isə isidir.
Şirəçəkən maşın isə müxtəlif meyvələrin şirəsini çıxarır.
Qəhvəüyüdən müxtəlif dənli bitkiləri üyüdüb toz halına salır.
Beləliklə də, məişət maşınları insanın həyatında əvəzolunmaz rol oynayır.