ƏZİZ MƏKTƏBLİLƏR!
Siz III sinifdə “Texnologiya” fənnindən xırda məmulatların hazırlanması üzrə bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Müəlliflər dərsliyin gözəl, cəlbedici olmasına çalışmışlar və onun sizin üçün çox maraqlı, əyləncəli olacağına ümid bəsləyirlər. Düşünürük ki, bu dərsliklə işlədikdə siz emal texnologiyalarının mahiyyətini anlayacaqsınız. Verilən materiallardan müxtəlif xırda məmulatlar hazırlaya biləcəksiniz. Texnoloji maşınlar və vasitələr haqqında biliklər əldə edəcəksiniz. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələnəcək, müxtəlif əşyaları qrafik təsvir edəcəksiniz. Bu dərsliyin köməyi ilə siz öz evinizi və geyiminizi bəzəməyi öyrənəcək, doğmalarınıza və dostlarınıza hədiyyələr düzəldəcək, oyuncaqlar hazırlayacaqsınız. Bir çox tapşırıqlar sizdən çeviklik, dərrakə, yaradıcı yanaşma tələb edəcək. İnanmaq istərdik ki, işlər elə maraqlı olacaq ki, siz nəinki dərsdə, hətta evdə də nəsə düzəltmək istəyəcəksiniz. Çünki artıq II sinifdən bilirsiniz ki, bunun üçün bahalı və çətin əldə edilən materiallar lazım olmayacaq. Müəlliflər tərəfindən düşünülmüş tapşırıqlar sayəsində görəcəksiniz ki, hətta plastilindən, təbii materiallardan, kağız və kartondan, sap və parça qırıntılarından müxtəlif məmulatlar düzəltmək olar. Siz özünüz də fantaziyanızı köməyə çağıraraq dərslikdə verilməyən başqa məmulatlar da düzəldə bilərsiniz.
SİZƏ YARADICILIQ UĞURLARI ARZULAYIRIQ!
DƏRSLİKDƏ İSTİFADƏ OLUNAN ŞƏRTİ İŞARƏLƏR
fikirləşirik
tapşırığı yerinə yetiririk
nəticə çıxarırıq
təhlükəsizlik qaydalarına
riayət edirik