MƏİŞƏT MƏDƏNİYYƏTİ
Hər bir insan yemək masası ətrafında aşağıdakı qaydalara əməl etməlidir:
1. Yemək yeyərkən birdəfəyə böyük tikə dişləməyin.
2. Yemək yeyərkən danışmayın. Əgər sizə sual veriblərsə, əvvəlcə yeməyi udun, sonra cavab verin.
3. Su içən zaman qurtuldatmayın, çox isti xörəyi üfürməyin, qaşıqla nimçəni taqqıldatmayın. Səssiz yeməyə çalışın.
4. Əti böyük olmayan tikələrə doğrayın. Bir tikəni yedikdən sonra növbəti tikəni kəsin. Bütün payı hissələrə doğramayın: onda sizin nimçəniz səliqəsiz görünər, yemək isə tez soyuyar.
5. Qızardılmış quş ətini böyük olmayan tikələrə kəsməklə çəngəl vasitəsilə götürmək lazımdır. Kəsmək çətinləşəndə tikəni əllə ayırıb yemək olar.
6. Balığın qılçıqlarını çəngəllə və əllə çıxarmaq olar. Lakin bu zaman barmaqları yalamır, salfetlə silirlər.
7. Çəngəllə rahat götürülə bilən yeməyi qaşıqla götürməyin.
8. Bıçaqla yemək təhlükəlidir.
9. Kompotdan çıxan çəyirdəkləri nəlbəkiyə tüpürüb atmayın. Qaşığı ağıza yaxınlaşdırıb çəyirdəyi çıxarın və nəlbəkiyə qoyun.
10. Əgər sizə nə isə götürmək lazımdırsa, masa boyunca dartınmayın, nəzakətlə onu ötürməyi xahiş edin.
11. Ümumi qabdan sizə tərəf olan tikəni götürün. Çünki ümumi qabdan özü üçün yaxşı tikə seçmək ədəbsizlikdir.
12. Hər hansı bir yeməyi kəsmək lazımdırsa, çəngəli sol, bıçağı isə sağ əldə tutun. Bulaşıq bıçağı və çəngəli masanın üzərinə qoymayın.