MƏİŞƏT MƏDƏNİYYƏTİ
Masanı nahara hazırlamaq - süfrənin nahar üçün tərtib edilməsi, bəzədilməsidir.
Nahar masası nahar edənlərin sayı nəzərə alınmaqla bəzədilir.
Nimçələri hər bir stulun qarşısına masanın kənarından 5-10 sm məsafədə yerləşdirmək lazımdır.
Süfrəyə əvvəlcə dayaz nimçələr düzülür, nimçələrin üzərinə salfet qoyulur və onların üzərinə dərin nahar nimçəsi yerləşdirilir. Salfet nimçələrin sürüşməməsi üçün qoyulur.
Böyük nahar nimçələrindən solda kiçik nimçə qoyulur.
Nahar ləvazimatlarının sayı nahara veriləcək xörəklərdən asılıdır.
Sağda iti ağzı nimçəyə yönəlmiş yemək bıçağı və xörək qaşığı qoyulur. Nimçənin qarşısına desert* qaşığı qoyulur.
Çəngəllər ağzı yuxarı halda nimçənin solunda qoyulur.
İçkilər üçün şüşə və ya büllur qrafinlərdən istifadə edilir.
Əgər menyuda mineral su və ya meyvə şirəsi varsa, onda nimçənin qarşısına və ya yanına su stəkanı da qoyulur. Bərk yeməklər yemək bıçağı ilə kəsilir.
Əgər nahar çox sayda yeməkdən ibarətdirsə (məsələn, salat, sulu xörək, balıq və ya ət yeməkləri, desert), onda masaya uyğun nahar ləvazimatları düzülməlidir.
Salfetləri hansı materiallardan hazırlayırlar?
Hansı halda kağız salfetdən, hansı halda parça salfetdən istifadə edirlər?
Paltarı ləkələrdən qorumaq üçün parça salfetdən istifadə edirlər. Yeməkdən qabaq parça salfeti nimçənin altından özünə tərəf olmaqla dizin üstünə sərirlər.
Əllər çox bulaşmamışsa, salfetin yuxarı yarısına silmək olar. Əlləri və dodaqları kağız salfetlə silmək daha yaxşıdır. Kağız salfetlər masa üzərinə xüsusi altlıqlarda qoyulur. Yeməyi bitirdikdən sonra parça salfeti səliqəli şəkildə nimçənin sağına qoymaq lazımdır. İstifadə edilmiş kağız salfet nimçəyə qoyulur.
* Desert - çərəz (xörəkdən sonra verilən meyvə, şirniyyat və s.)