MƏİŞƏT MƏDƏNİYYƏTİ
5. BİTKİLƏR VƏ ONLARIN İNSAN
SAĞLAMLIĞINDA ROLU
Şəkillərə diqqətlə nəzər yetirin.
Yerin “yaşıl geyimi” nədir?
Bitkilər haqqında nə bilirsiniz?
İnsanlar bitkiləri nə üçün becərir?
Gündəlik qidamızda hansı bitkilərdən istifadə edirik?
Bitkilərin insan və heyvanların həyatında rolu nədir?
İnsanın həyatında bitkilər çox böyük rol oynayır. Onlar karbon qazını udur və insanın nəfəs alması üçün zəruri olan oksigen buraxır. Bitkilər bütün canlılar, o cümlədən insan üçün qida mənbəyidir.
Bitkilər şəhər mühitində tozu və səsi udaraq insanın rahat yaşamasına şərait yaradır.
İnsan bitkilərdən müxtəlif dərmanlar hazırlayır.
Bitkilərdən tikinti materialları alınır.
Bitkilər gözəlliyi ilə insanı özünə cəlb edir, onda yaxşı əhvali-ruhiyyə yaradır. İnsan sevdiklərinə də gül bağışlayır.
Bitkilərdən parça toxumaq üçün sap da alınır.
Həyatımızı bitkilərsiz təsəvvür etmək olmaz. Bitkilər nəinki təbiətə və evlərimizə gözəllik verir, eləcə də başqa vacib və faydalı vəzifələri yerinə yetirir.
Çiçək ləklərinin, güllüklərin yaradılması və parkların bəzədilməsi üçün becərilən bitkilər dekorativ bitkilər adlanır.
Dekorativ bitkilərin ömrü müxtəlif olur. Odur ki, onları üç qrupa bölürlər: birillik, ikiillik və çoxillik dekorativ bitkilər.
Bitkilərin hansı növlərini tanıyırsınız?