Öyrənmə
Dəqiqlik lazım olmayan hesablamalarda bir ədədi ona yaxın olan başqa ədədlə
əvəz etmək olar. Məsələn, 77 əvəzinə bəzən bu ədədə yaxın və təklikləri sıfır
olan 80 ədədindən istifadə etmək daha əlverişli olur. Bu, təqribi bərabərlik
işarəsi ilə belə yazılır: 77 ≈ 80.
Ədədi təklikləri sıfır olan ən yaxın ədədlə əvəz etmək bu ədədi onluqlara
qədər yuvarlaqlaşdırma adlanır.
Ədədi onluqlara qədər yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə olunur:
• Ədədin təkliklər mərtəbəsinə sıfır yazılır.
• Təkliklər mərtəbəsindəki rəqəm 5-dən kiçik (0,1, 2, 3, 4) olarsa, onluqların
sayı olduğu kimi qalır. Təkliklər mərtəbəsindəki rəqəm 5 və 5-dən böyük (5, 6,
7, 8, 9) olarsa, onluqların sayı 1 vahid artırılır.
Məsələn, 123 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq
üçün 3 rəqəminin yerinə sıfır yazılır. 2 rəqəmi isə olduğu
kimi qalır: 123 ≈ 120.
268 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq üçün 8
rəqəminin yerinə sıfır yazılır. 6 rəqəmi isə 1 vahid artırılır:
268 ≈ 270.