Kompüterin ən geniş istifadə olunduğu sahələrdən biri mətnlərin hazırlanmasıdır. Kompüterdə mətn yazmaq, buraxılmış səhvləri düzəltmək, mətnə şəkillər əlavə etmək, müxtəlif mətnlərdən yeni mətn yaratmaq çox rahatdır.
Hər bir kompüterdə mətnlərlə işləmək üçün xüsusi proqramlar — mətn redaktorları olur. Belə redaktorlardan biri WordPad proqramıdır.
WordPad proqramını başlatmaq üçün siçanın göstəricisini iş masasında proqramın simgəsinin üzərinə aparıb sol düyməni ikiqat çıqqıldatmaq lazımdır. Bu zaman proqramın pəncərəsi açılacaq.