Qarabağ müharibəsində iştirak etmiş hansı qəhrəmanları tanıyırsınız?
Onların qəhrəmanlığı haqqında bildiklərinizi danışın.
İlqar təpənin üstündə oturub kəndi seyr edirdi. Cəbhədə döyüşən atası üçün
darıxanda həmişə bu təpəyə qalxardı. Kəndi qucağına almış Ərgünəş dağına
baxaraq atasının danışdığı əfsanəni xatırlayardı:
“Belə danışırlar ki, keçmiş zamanlarda düşmənlər Vətənimizə basqın edibmiş.
Ərənlərimiz silahlanıb düşmən qarşısına çıxırlar. İgidlərdən biri kəndə yaxınlaşan
düşmən ordusunu görüb Allaha dua edir: “Allahım, məni bir dağa çevir, ordunun
qarşısını kəsim. Yağı düşmənin ayağı torpağımıza dəyməsin. Elə bu vaxt igid
hündür bir dağa çevrilir. Deyirlər ki, hətta günəş də sanki bu dağa sayğı göstərir.
İlk şüalarını onun üzərinə salır, əvvəlcə onu isindirir. Camaat bu dağı Ərgünəş
adlandırır. Bu dağ əzəmət, yenilməzlik rəmzi sayılır”.
Elə bu vaxt bacısının səsi onu xəyalından ayırdı:
– İlqar, anam səni çağırır. Evə gəl.
İlqar təpənin başında çay daşları ilə yazdığı “Bura Vətəndir” sözlərinə bir
daha nəzər salıb aşağı endi.
Bacı-qardaş təzəcə evə çatmışdılar ki, dəhşətli partlayış səsi kəndi lərzəyə
gətirdi. Düşmənin atdığı raket kəndin ayağına, dəyirmanın yanına düşmüşdü.