Oğuz eli, Dədə Qorqud haqqında bildiklərinizi danışın.
Dəmirqapı Dərbənddə qoldan qüvvətli bir çoban var idi. O, Oğuz igidi Salur
Qazanın qoyunlarını otarırdı.
Günlərin bir günü Salur Qazan başının dəstəsi ilə ova getmişdi. Düşmən
bundan xəbər tutub Oğuz elinə hücum çəkdi. Qazan xanın evini yağmaladı,
xəzinəsini taladı, anasını, xanımını əsir apardı. Düşmənin gözü bununla
doymadı. Dedilər: “Gedək Qazan xanın qoyun sürülərini də ələ keçirək”.
Qaraca çoban dağın başında yapıncı-
sını
yerə sərib yatmışdı. Gecəyarısı pis
yuxu gördü. Yerindən dik atıldı. Üç yerdə
təpə boyda daş yığdı. Sapandını əlinə
aldı, oturub gözlədi. Bir də gördü, budur,
altı yüz düşmən atlısı onun üstünə gəlir.
Düşmənlərin başçısı dedi:
– Çoban, Salur Qazanın evini yağmaladıq,
var-dövlətini ələ keçirdik. İndi də
qoyunlarını aparmağa gəlmişik. Ya
dinməz-söyləməz ver, ya da zorla
alacağıq.
Qaraca çoban qəzəblə nərə çəkdi:
– Səndən qorxsam, səndən betər
olum. Hünərin var, yaxın gəl.
Düşmənlər atlarını çobanın üstünə
sürdülər. Hər tərəfdən ox yağdırmağa
başladılar. Çoban sapandına daş qoyub
atdı. Birini atanda iki atlını yerə sərdi.
Axırda daş qurtardı. Qoyun-keçi demədi,
onları düşmənin başına ələdi.