onu hara isə dartırdı. Hamı həmin istiqamətə yollandı. İt onları bir mağaranın
qarşısına apardı. Mister Smit burada idi. O, yerdə uzanmışdı. Bir müddət sonra
mühəndis ayılmağa başladı. İlk sözləri bu oldu:
– Bura haradır, biz haradayıq?
– Bilmirik, mister Smit. Deyəsən, kimsəsiz adaya düşmüşük, – deyə dənizçi
cavab verdi.
– Bəs yeməyə nəsə bir şey var? Ocaq qalaya bilmisiniz?
– Xeyr, cənab Smit. Heç birimizdə kibrit yoxdur.
– Aydındır, narahat olmayın. Bir yol taparıq. Siz bişirmək üçün bir şey
tapın. Yəqin ki, buralarda yeməli bitkilər, ov heyvanları olmamış deyil.
Sonra Smit Herbertin qolundakı saata baxıb əlavə etdi:
– Herbert, sən mənimlə qal.
Conatan təəccüblə mühəndisə baxdı, amma bir söz
demədi. Yoldaşları ilə birlikdə ov üçün meşəyə getdi.
Bir müddətdən sonra onlar geri qayıdanda qayalardan
göyə qalxan tüstünü gördülər. Dənizçi ora çatan kimi
soruşdu:
– Ocağı necə qaladınız?
– Günəş! – deyə Herbert gülümsəyərək cavab verdi:
Mühəndis Conatanın heyrətdən bərəlmiş
gözlərini görüb izah etdi:
– Özümün və Herbertin saatından siferblatları
çıxartdım. Onların kənarlarını gillə yapışdırdım.
Sonra düzəltdiyim şüşəni günəş şüalarının altına
tutdum. Belə şüşə günəş şüalarını bir nöqtəyə
yönəldə bilir. Həmin nöqtədə yandırıcı istilik əmələ
gəlir. Şüşəni quru yosunların üzərində saxladım və
onlar dərhal yandı.
Dənizçi heyranlıqla Smitə baxıb dilləndi:
– Mister Smit, siz dahisiniz!
Jül Vernin “Sirli ada” əsərindən