Mətnin davamını oxuyun, təxminlərinizlə müqayisə edin.
Evdə hamı narahat idi. Elşad həm televizorda xəbərləri izləyir, həm də
pəncərədən bayıra baxırdı. Sanki ağacların əyilməsinə görə küləyin gücünü
müəyyən etmək istəyirdi.
Ana bayaqdan kompüterin qarşısında idi. Neft Daşlarında vəziyyət haqqında
bir xəbər tapmağa çalışırdı.
Hərdən o biri otaqdan nənənin səsi gəlirdi:
- Ay bala, Arifdən xəbər var?
Elşadın anası isə hər dəfə:
- Hə, ay ana, indicə danışmışıq, - deyə onu sakitləşdirirdi.
Elşad bayaqdan televizordan eşitdiyi sözləri qorxa-qorxa beynində götürqoy
edirdi: “10-11 bal... 10-11 bal... Görəsən, bu nə qədər təhlükəlidir?” O,
kompüterin arxasına keçib “fırtına” sözünə axtarış verdi. Nəhayət, lazım olan
informasiyanı tapdı:
Elşad anasına yaxınlaşdı. Yanında oturub böyrünə qısıldı:
– Ana, indi dənizdə şiddətli fırtınadır. Saniyədə 30 metr. Görəsən, atam...
Səsi titrədi. Hiss etdi ki, indi ağlayacaq. Amma sonra özünü ələ alaraq atasının
sözlərini birbəbir xatırladı: “Mən günlərlə dənizdə oluram. Evdə yeganə kişi
sən qalırsan. Gərək özünü kişi kimi aparasan. Anana, nənənə dayaq olasan”.
Ana Elşadın keçirdiyi hissləri başa düşdü:
– Atan gələcək, oğlum, mütləq gələcək, – deyə Elşadın saçlarından öpdü.
Elə bu zaman televizorun səsi otağa yayıldı. Ustadan müsahibə alırdılar:
– Siz bugünkü hava proqnozu ilə tanış idiniz?