Sizcə, meşədə yanğın hansı səbəblərdən baş verə bilər? Hansı halda
buna təbii fəlakət demək olar?
Sizə danışacağım bu əhvalat 2019-cu ilin oktyabr ayında
Avstraliya meşələrində baş vermişdi. Artıq neçə ay idi ki,
bu ərazidə dəhşətli quraqlıq davam edirdi. Meşələr yağış
üzü görmürdü.
Təbiətin bu amansızlığı ana koalanın heç vecinə də
deyildi. O, hündür evkalipt ağacının budağında yaşayırdı.
Günün iyirmi saatını yatırdı. Oyananda evkaliptin yarpaq-
larından
yeyirdi, suya da gərək qalmırdı. Bir sözlə, yeri
rahat, qarnı tox, özü isə xoşbəxt idi. Niyə xoşbəxt idi?
Çünki yenicə doğulmuş körpəsini böyüdürdü. Bala koala
da anasının kisəsində, çox təhlükəsiz yerdə ana südü ilə
qidalanaraq qayğısız böyüyürdü.
Əhvalat baş verən gün axşamtərəfi qəflətən meşə süd kimi ağ işığa qərq
oldu. Bu, göydə çaxan şimşəyin işığı idi. Bunun ardınca möhkəm şaqqıltı ilə
göy guruldadı. Gözlənilmədən şimşəkdən düşən od qollu-budaqlı bir ağacı
alovlandırdı. Qupquru ağac çırtıltıyla yanmağa başladı. Bir göz qırpımında alov
digər ağaclara da keçdi. Nəhayət, bütün meşə çırthaçırtla od tutub yanmağa
başladı. Ağaclarda yaşayan bütün heyvanlar sürətlə aşağı enməyə başladılar.
Yanğının çırtıltısı ilə heyvanların çığır-bağırı bir-birinə qarışmışdı. Çox vahiməli
mənzərə idi.