•fəsil• 5 DELFİN
1 A

“Pinqvin balası” mətnində delfinlər balaca pinqvini xilas edirlər.
Sizcə, bu, həqiqətə uyğundurmu?

B Hər hansı canlı haqqında məlumat
almaq istəyəndə hansı mənbələrə
müraciət edirsiniz?

Müxtəlif varlıqlar və hadisələr haqqında məlumat verən
mənbələrdən biri ensiklopediya kitablarıdır.
Ensiklopediyada mətnlər, adətən, şəkillər və haşiyələrlə
müşayiət olunur.

C “Suda yaşayan heyvanlar” ensiklopediyasından
aşağıdakı səhifələri oxuyun. Yeni öyrəndiyiniz məlumatları qeyd edin.

DELFİNLƏR

• Balıq, yoxsa məməli heyvan?

Delfin suda yaşayır. Onun da balıq kimi üzgəcləri var, ona görə də çox cəld və sürətlə üzür. Lakin balığın bədəni pulcuqlarla örtülü olur, delfinin dərisi isə hamardır. Balıq suyun dərinliyində qəlsəmələri ilə nəfəs alır. Delfin isə insan kimi ağ ciyərlə nəfəs alır. Ona görə də tez-tez suyun səthinə çıxır.
Balıqlar kürü qoymaqla çoxalır. Delfin isə dünyaya bala gətirir və onu südlə böyüdür.
Bu fərqlərə görə demək olar ki, delfin balıq deyil, məməli heyvandır.

• Delfin ağıllıdır?
Alimlər sübut ediblər ki, delfinlərin güclü yaddaşı var. Onlar bir dəfə gördükləri varlığı, eşitdikləri səsi, duyduqları qoxunu yadda saxlaya bilirlər. Delfinlər sürü şəklində yaşayır, öz aralarında vəzifələri dəqiq bölüşdürür və bir-birinə qayğı göstərirlər.

5-ci fəsil • Delfin