3-cü hissə
Onlar stadiona yaxınlaşanda yarışın başlamasına on dəqiqə qalırdı.
Stadionun qarşısında iri bir plakat asılmışdı:
“PARAVELOSİPED İDMAN YARIŞLARINA XOŞ GƏLMİSİNİZ!”
Yusif təəccüblə soruşdu:
– Paravelosiped nə deməkdir?
– İndi özün görəcəksən, – deyə Nərgiz cavab verdi.
Onlar finiş xəttinə yaxın bir yerdə əyləşdilər. İdmançılar start xəttində
velosipeddə oturmuşdular. Amma bu, qəribə velosiped idi. Pedalları yox idi.
İdmançılar onu ayaqla deyil, əllə hərəkətə gətirirdilər.
İdman tapançasından “start” atəşi açıldı və yarış başladı. Yusif Mehmanla
elektron yazışmaları zamanı onun şəklini görmüşdü. İndi iştirakçılar arasında
Mehmanı tanımağa çalışırdı. Velosipedçilərdən biri digərlərindən aralanıb
qabağa çıxmışdı. Yusif diqqətlə baxıb onu tanıdı. Əli ilə Mehmanı göstərib
Nərgizə dedi:
– Bax, Nərgiz, Mehman odur. Mənim dostum.
İdmançılar stadionda son dövrəni etdilər. Mehman finiş xəttini birinci keçdi.
Alqış sədaları yüksəldi. Bu zaman Mehman velosipedini Yusifgilin qarşısına
sürdü. Onlara tərəf baxıb qışqırdı:
– Salam, Nərgiz. Yanındakı Yusifdir?
Yusif sual dolu nəzərlərlə Nərgizə baxdı. Nərgiz gülə-gülə dedi:
– Yusif, Mehman mənim həyat yoldaşımdır...
Rafiq İsmayılov