İSTİ ANA QUCAĞINDA
Bilirsiniz, mən nə üçün
Çox sevirəm bibimi?
O mənə çox mehribandır,
Əzizdir anam kimi.
Xalamı da çox sevirəm,
Mənə elə “can” deyir.
“Sən ağıllı, sözəbaxan,
Qəşəng qızımsan”, - deyir.
Mən məktəbli bacımı da
Sevirəm dünya qədər.
Darıxmıram, o mənimlə
Oynayır axşam-səhər.
Evimizdə mən hamıdan
Çox sevirəm nənəmi.
Qış gecəsi nağıl deyir,
Əyləndirir o məni.
Ancaq niyə, heç bilmirəm,
Gözüm yaşla dolanda
Mən anamın qucağına
Atılıram bir anda?!
Xəstələnsəm, onu görcək
Ağrımayır başım da.
İsti ana qucağında
Quruyur göz yaşım da.
Gəray Fəzli
əziz • sözəbaxan • gözü yaşla dolmaq
əyləndirmək • atılmaq • qucaq • qurumaq
Nə anladın?
2
Verilmiş sözlərin yaxınmənalı
qarşılığını
“söz mücrüsü”ndən seçin.
1. ağlamaq – ...
2. hoppanmaq – ...
3. sevimli – ...
3
Şeirin məzmununa əsasən cümlələri
tamamlayın.
1. Uşaq bibisini çox sevir, çünki ... .
2. Uşaq xalasını çox sevir, çünki ... .
3. Uşaq bacısını çox sevir, çünki ... .
4. Uşaq nənəsini çox sevir, çünki ... .
5. Uşaq anasını çox sevir, çünki ... .
Düşün və cavab ver
4
Sizcə, uşaq babasına, atasına,
qardaşına sevgisinin səbəbini necə
izah edərdi?
1-ci bölmə. Ailə və məktəb