Hansı daha yaxşı iy bilir?
Bax bu məsələdə nə pişik, nə də başqa bir ev heyvanı itə çata bilməz.
Onlar pişiklərdən iki dəfə, insanlardan isə 40 dəfə güclü iybilmə qabiliyyətinə
malikdirlər. Yəqin ki, filmlərdə görmüsünüz: çöldə və ya meşədə
itkin düşmüş insanın köynəyini itə iylədirlər. O bu iyi tutaraq insanın izinə
düşür və onu tapır. İtlərin bu qabiliyyəti çox vaxt oğruları axtaran polislərin
köməyinə çatır. Bundan başqa, zəlzələ zamanı dağıntılar altında
qalmış insanları tapmaq üçün itlərdən istifadə edirlər.
Hansı daha faydalıdır?
Pişiklər çox mehribandırlar. Amma onların işi-gücü
divanda yatmaq və ya özündən razı halda otaqda
gəzişməkdir. Əlbəttə, onlar olan evdə siçan olmur.
Amma indiki ev pişikləri buna da tənbəllik edirlər.
Onların siçanı tutmaq cəhdi çox zaman boşa çıxır.
• cəhd
• cəhət
• dara düşmək
• təsadüfi
İtləri fərqləndirən cəhət sahibinə sonsuz
sədaqətidir. Onlar sahibini başa düşməyə çalışır və
onun əmrlərini yerinə yetirirlər. İt evin keşikçisidir,
əla çobandır, mahir polisdir, dara düşən insanların
xilaskarıdır. Təsadüfi deyil ki, onların insanla dostluğu
haqqında çoxlu əsərlər yazılıb, filmlər çəkilib.
İndi özünüz qərar verin. Hansını evdə
saxlamaq istəyərdiniz: mehriban, nazlı
pişiyi, yoxsa vəfalı iti?
5-ci bölmə. Qəribə canlılar