Bundan başqa, itlər tənha qalanda qədim
əcdadları canavarlar kimi ulayırlar. Bala itlər yemək
istəyəndə, böyük itlər isə ağrı hiss edəndə
zingildəyirlər. Pişik isə düşməni ilə üz-üzə gələndə
fısıltıya oxşar səs çıxarır. Bu, “Məndən uzaq dur!”
deməkdir.
İt və pişiklərin başqa bir ünsiyyət vasitəsi də var;
bu da onların quyruğudur. Bu orqan vasitəsilə onlar
ətrafdakılara çox şey anladırlar.
Məsələn, təhlükə qarşısında
quyruqlarını yuxarı qaldırıb
dik tuturlar. İtlər sahiblərini görəndə sevinclərini
bildirmək üçün quyruqlarını sağa-sola yelləyirlər.
Qorxanda isə quyruqlarını arxa ayaqları
arasında gizlədirlər.
Hansı daha yaxşı eşidir?
İtlər də, pişiklər də insandan daha yaxşı
eşidirlər. Baxırsan ki, gecə vaxtı zəncirlə
bağlanmış it birdən-birə hürməyə başlayır.
Sahibi heç nə başa düşmür: “Nə olub, Alabaş?”
– soruşur. İt isə qaranlıqda gözünü bir tərəfə
zilləyib hürməyə davam edir. Sahibi fənəri
götürüb həmin tərəfə gedir. Nə görsə yaxşıdır?
Balaca bir kirpi otların arası ilə yavaşca hərəkət
edir. İnsan qulağı onun səsini eşitmir.
İt isə ən yavaş xışıltını da eşidir.
Bununla belə, alimlərin apardıqları araşdırmalara görə,
pişiklər itlərdən də yaxşı eşidirlər. Onlar otaqda olarkən
divarın arxasında siçanın ayaq səslərini duya bilirlər.
ulamaq • zingildəmək
gözünü zilləmək • fısıltı