1 1
Sizcə, qaydalar nə üçün yaradılır?
BALLI VƏ VIZ-VIZ
çəmənlik • imkan verməmək
şirə • ədalət • qaşqabaqlı
nizam-intizam • həzz almaq
Ballı adında arı ilə Vız-vız adında milçək dostluq edirdilər. Onlar hər gün
çəmənlikdə görüşürdülər. Ballı çiçəklərdən şirə çəkir, Vız-vız isə hara gəldi qonur,
nə gəldi yeyirdi.
Bir yay axşamı Vız-vız öz dostunu evlərinə dəvət etdi. Burada ağız deyəni
qulaq eşitmirdi. Milçəklər bir-birinə yemək yeməyə imkan vermirdilər. Bəzi
milçəklər çox yeməkdən kökəlmişdilər, bəziləri isə acından qanadlarını tərpədə
bilmirdi. Hamısı da qaşqabaqlı idi.
Ballı təəccüblə dedi:
- Bu qarışıqlıqda yaşamaq olar?! Sizin evdə nə ədalət var, nə də qayda-qanun.
Bir neçə gün sonra Ballı Vız-vızı öz
evlərinə qonaq apardı. Burada ana arı
pətəyin ortasında əyləşib hamıya göz
qoyurdu. Onun sözü arılar üçün
qanun idi. Ana arı hamı ilə ədalətlə
davranırdı. Pətəyin qarşısında keşikçi
arılar dayanmışdı. Onlar çəmənlikdən
qayıdan arıları yoxlayıb pətəyə
buraxırdılar. Şirə gətirməyənləri isə
geri qaytarırdılar. İşçi arılar həvəslə
pətək hörürdülər. Bütün arılar çox şən
görünürdülər.
Vız-vız dedi:
- Necə olur ki, bu qədər çalışırsınız,
amma heç kim şikayətlənmir?
Ballı cavab verdi:
- Ədalət, nizam-intizam olan yerdə
hamı xoşbəxt olur və işləməkdən həzz
alır.
Zahid Xəlil
4-cü bölmə. Yaxşı nədir, pis nədir?