Səhəri gün Ələddinlə əmisi karvana qoşuldular.
Axşamayaxın onlar uca dağların arasındakı bir şəhərə
çatdılar. Gecəni burda qalmalı oldular. Səlim Ələddinə
dedi:
‒ Mən sənə bir sirr açmalıyam.
• sirr • cadugər • əslində
qurşaq • ipək • toz
Səlim qurşağının altından ipək kisə çıxarıb içindən bir ovuc toz götürdü. Tozu
yerə səpə-səpə dodağının altında nə isə oxumağa başladı.
Birdən yer-göy titrədi, yerdə bir quyu əmələ gəldi. Ələddin bərk qorxdu.
Səlim ona dedi:
- Ələddin, qorxma, düş quyuya. Orada gözəl bir bağ görəcəksən. Bağda daşın
üstündə bir çıraq var, onu götür, bura gəl. Çıraq sehrlidir, o bizi dünyanın ən varlı
adamı eləyəcək.
Ələddin quyuya düşüb çırağı
gətirməyə getdi.
Ələddin bağda qalsın, sizə
Səlimdən deyim. Əslində, Səlim
Ələddinin əmisi deyildi. O çox
məşhur bir cadugər idi. Bilirdi ki, bu
quyuda qədim zamanlardan bir çıraq
gizlədilib. Bu çırağı ələ keçirən adam
bütün dünyaya hökm eləyə bilər.
Cadugər bilirdi ki, çırağı quyudan
yalnız dərzi Mustafanın oğlu Ələddin
çıxara bilər.
Cadugər quyunun ağzında oturub gözləyirdi. Bir də gördü, Ələddin çırağı
belində qurşağına bağlayıb daşlardan tuta-tuta yuxarı dırmaşır. Tez qışqırdı:
- Çırağı ver mənə.
Ələddin çoxdan başa düşmüşdü ki, Səlim onun əmisi deyil. O bilirdi ki,
quyudan çıxmamış çırağı versə, Səlim ona kömək etməyəcək. Odur ki çırağı
verməyib dedi:
- Əvvəlcə kömək elə, quyudan çıxım.
Cadugər çox qəzəbləndi və dedi:
- Vermirsən ki? Onda həmişəlik qal orada, - bunu deyib iri bir daşı quyunun
ağzına itələdi.