1 1
Mətni oxuyun. Tapşırıqları yerinə yetirin.
MƏLİKMƏMMƏD
sehrli • qismət olmaq
kor-peşman • nəhayət
keşik çəkmək • əliboş
qılınc • yaralamaq
Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu
padşahın bağında bir alma ağacı varmış. Ağac
sehrli idi, meyvəsini kim yesəymiş,
cavanlaşarmış. Amma bu alma padşaha
qismət olmazmış. Hər dəfə alma yetişəndə
kimsə gecə almanı yeyərmiş və padşah
bağdan kor-peşman qayıdarmış.
Nəhayət, padşah oğlanlarını yanına
çağırır və onlara deyir:
– Belə də iş olar?! Mən padşah ola-ola
bağımdakı almaya həsrət qalam,
heç ondan yeməyəm?! Necə olursa
olsun, almanı oğurlayanı tutmalısınız.
Padşahın üç oğlu varmış. Oğlanların
hərəsi bir gecə bağda keşik çəkir. Böyük və ortancıl qardaş gecəyarısına qədər
oyaq qalır, sonra onları yuxu tutur, yatırlar. Oyananda görürlər ki, alma yoxdur.
Əliboş qayıdırlar saraya.
Nəhayət, növbə Məlikməmmədə çatır. O da gecəyarısına qədər gözləyir, onun
da yuxusu gəlir. Görür ki, bir azdan yatacaq, tez barmağını kəsir və yarasına duz
basır. Ağrıdan yuxusu qaçır. Gecənin bir yarısı gurultu eşidir. Ağacın dalında
gizlənib baxmağa başlayır. Görür ki, uzaqdan dağ boyda yekə bir Div gəlir. Div
ağacdan almanı qoparmaq istəyəndə Məlikməmməd ağacın dalından çıxır və
qılıncla Divi yaralayır. Div almanı dərə bilməyib qaçıb gedir.
Səhər açılır. Məlikməmməd almaları götürüb atasına gətirir. Atası çox sevinir.
Məlikməmməd atasına deyir:
– Ata, icazə ver, gedim, Divi tapım. Onu elə cəzalandırım ki, bir də bizim
tərəflərə gələ bilməsin.