1 1
Mətni oxuyun və sualları cavablandırın.
YANARDAĞ
• daima • dövlət
qoruq • alov
Əhmədin babası Məhəmmədi
kəndində yaşayır.
I. Bu kənd Bakının yaxınlığındadır.
Balaca Əhməd tez-tez babasıgilə qonaq
gəlir. Bir dəfə babası onu yaxındakı
təpələrə gəzməyə apardı. Onlar
“Yanardağ” deyilən yerə gəlib çıxdılar.
Burada yerdən alov çıxırdı. Bunu görən
Əhməd babasından soruşdu:
- Baba, bu yeri kim yandırıb?
Baba gülümsədi:
II. - Heç kim, bala. Yerin altından
çıxan qaz öz-özünə alışıb-yanır. Buranın tarixi çox qədimdir. O zamanlar insanlar
yerdən çıxan alovun səbəbini anlamırdılar. Ona görə dağa möcüzə kimi
baxırdılar. Elə buna görə də Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.
Əhməd bir az düşünüb dedi:
- Baba, yağış yağanda da bu alov sönmür?
III. - Yox, çünki yerin altından çıxan qaz heç vaxt kəsilmir. Əslində, belə yanan
dağlar dünyanın müxtəlif yerlərində vardır. Amma bu gördüyün dağ hamısından
fərqlənir. Çünki burdakı alov heç vaxt sönmür. Dövlətimiz “Yanardağ”ı qoruq
elan etmişdir.
- Qoruq nə deməkdir?
- Qoruq elə yerdir ki, orda olan abidələr dövlət tərəfindən qorunur. Yanardağ
da tarixi abidədir. Onu qorumaq, gələcək nəsillərə ötürmək lazımdır.
Gülşən Orucova
Nə anladın?
2
Sualları mətnə əsasən cavablandırın.
1. Yanardağ abidəsi harada yerləşir?
2. Azərbaycanı nə üçün “Odlar yurdu” adlandırmışlar?
3. Yanardağdakı alov nə üçün daima yanır?