1 1
Mətni oxuyun və tapşırıqları yerinə yetirin.
BAYRAQLAR
əhali • xalq • səkkizguşəli
məğlub olmaq • qoşun
cəsur • döyüşçü • nişan
Bayrağın yaranmasının tarixi qədimdir.
Əvvəllər bayraqları gəmilərdə qaldırırdılar.
Gəmi limana yan alanda öz bayrağını asırdı.
Şəhər əhalisi gəminin sahibini bayrağından
tanıyırdı.
Bayraqdan döyüşlərdə də istifadə
edirdilər. Qoşunlar üz-üzə gələndə bayraq
qaldırırdılar ki, bir-birini tanısınlar. Bayrağı ən cəsur döyüşçü aparırdı. Ona
bayraqdar deyirdilər. Bayraqdarı düşməndən qoruyurdular. Çünki bayrağın yerə
düşməsi ordunun məğlub olması demək idi. Bəzən döyüşən tərəflərdən biri ağ
bayraq qaldırırdı. Bununla da həmin tərəf bildirirdi ki, təslim olmaq və ya
danışıqlar aparmaq istəyir.
Zaman keçdikcə bayraqlar xalqların,
dövlətlərin simvoluna çevrildi. Bu gün
dünyada hər bir dövlətin öz bayrağı var.
Bu bayraqlar rənginə və üstündəki
nişanlara görə fərqlənir.
Azərbaycan Respublikasının Dövlət
Bayrağı üçrənglidir: mavi, qırmızı, yaşıl.
Mavi rəng türkçülüyün, qırmızı rəng
demokratiyanın, yaşıl rəng isə İslam
dininin rəmzidir. Bayrağın üzərində aypara
və səkkizguşəli ulduz çəkilmişdir.
Müxtəlif görüşlərdə, idman yarışlarında
dövlətlərin bayrağı qaldırılır. Bununla da
hər bir iştirakçının hansı ölkədən olduğu
bilinir.
Bayrağa hörmət etmək hər bir insanın
borcudur!
Rafiq İsmayılov
2-ci bölmə. Ana vətən