Metodiki hazırlamada təyin olunmuş yer, digər qrup tərəfindən tutulmuş və ya həmin yerdə dayandıqda günəş şüaları gözü qamaşdırır və obyektə baxmağa imkan vermir. Təklif olunan yerin istifadə edilməməsinin digər səbəbləri də olur. Günün isti, qızmar vaxtında qrupların kölgədə yerləşməsi imkanlarından istifadə olunur.
Yağışlı günlərdə ekskursiyaçıların örtük və çətirlərdən istifadə edilməsi variantları da nəzərdə tutulur. Metodika ayrı-ayrı hallarda obyektin baxışı üçün bir neçə nöqtənin seçilməsini tələb edir: uzaq (obyekt ətraf mühitlə və ya digər obyektlərlə birgə göstərildikdə), yaxın (binanın, qurğunun, ərazinin, təbiət obyektinin ayrı-ayrı detalları təhlil edildikdə). Bu xüsusiyyətlər «Metodiki hazırlama göstərişləri» qrafasında qeyd olunur. Hər ekskursiya bələdçisi diqqətlə bu göstərişləri öyrənir və qrupla marşruta çıxmazdan öncə qrupun obyekti müşahidə etməsi üçün yerləşmə məsələlərini araşdırır.
Obyektlərə baxış zamanı və avtomagistral yolları keçərkən ekskursiyaçıların təhlükəsizliyi təmin olunmalıdır.
Bir obyektin yanında bir neçə ekskursiya qrupunu elə yerləşdirmək lazımdır ki. bir ekskursiya bələdçisinin danışığı digərinə mane olmasın, bir qrup digər qrupun obyekti müşahidə etməsinə mane olmasın. Muzey ekspozisiyasının nümayişi zamanı qrupların yerləşməsində də belə çətinliklər əmələ gələ bilər.