Ekskursiyaçıların yerdəyişməsi (avtobusdan obyektə, obyektdən avtobusa, obyektlər arasında hərəkət) qrup halında həyata keçirilir. Qrupun mərkəzində ekskursiya bələdçisi olmalıdır, bir neçə nəfər öndə, bir neçəsi yan tərəflərdə, qalanları isə arxa tərəfdə hərəkət edir. Qrup dağınıq olmamalı, qabaqda gedənlərlə, arxada gedənlərin arasındakı məsafə 5-7 metrdən artıq olmamalıdır. Ekskursiya bələdçisi marşrut üzrə qrupun mütəşəkkil hərəkətinin pozulmamasına nail olmalıdır. Qrup üzvləri dağınıq halda olduqda, ekskursiya bələdçisinin yol boyu izahını, şərhlərini, məntiqli keçidlərini eşitmək çətinləşir.
Təcrübəli bələdçilər qrupun marşrut üzrə hərəkətini bacarıqla idarə edirlər. Qrupun hərəkətinin surəti, qrupun tərkibindən (uşaqlar, gənclər, orta yaşlı, ahıl yaşlı insanlar), ərazinin relyefindən (məsələn, dağa qalxmaq, abad olmayan yollarla irəliləmək və s.) asılıdır..
Piyada ekskursiyalarda nümayiş obyektləri bir-birinə yaxın yerləşdikdə, ekskursiyaçtların hərəkət surəti az olur, ağır addımlarla qrup tələsmədən irəliləyir.
Avtobus ekskursiyalarında qrupun lazımı hərəkət tempinin təyin edilməsi daha mürəkkəbdir. Bələdçi avtobusdan düşərək tələsik hərəkət etmir. Xüsusən obyektin aralıda yerləşdiyi ərazidə, o, ekskursiyaçıların əksəriyyətinə avtobusdan çıxmağa imkan yaradır, sonra tələsmədən qrupun önündə obyektə doğru hərəkət edir. Obyektə çatdıqda, bütün qrup yığıldıqdan sonra bələdçi danışmağa başlayır.