TƏLİM NƏTİCƏSİ 1
1.1.1. İCMAL VƏ TEMATİK EKSKURSİYALARIN OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİNİ MÜƏYYƏN EDİR
TEMATİK EKSKURSİYALAR
Ekskursiyanın keçirilmə formasına görə icmal və tematik ekskursiyalar daha geniş yayılıb.
Tematik ekskursiya konkret bir mövzuya aiddir və bu mövzuya aid maksimal miqdarda obyektlər turistlərə nümayiş etdirilir. Bu obyektlər haqqında ətraflı və əsaslı məlumat verilir. Tematik ekskursiyalar bir neçə qrupa bölünə bilər:
İcmal ekskursiyalar
İcmal ekskursiyaları çoxplanlı da adlandırırlar. Çünki, bu ekskursiyada həm tarixi, həm də müasir materiallardan istifadə olunur. Burada müxtəlif obyektlər nümayiş etdirilir. Bütün şəhər üzrə icmal ekskursiyalar, hazırlandığı yerdən asılı olmayaraq, quruluşuna görə oxşardırlar. Onların hər biri bir qayda olaraq, bir neçə vacib mövzulardan ibarətdir.
Bir planlı icmal şəhər ekskursiyası bir qədər başqa səpkidə hazırlanır. Burada şəhərin tarixi və ya müasir gününün bir tərəfi açıqlanır və ekskursiyanın məzmunu daha tipik nümunələrlə ifadə olunur.
Şəhər üzrə çoxplanlı icmal ekskursiyada, şəhərin tarixi, görməli yerləri, incəsənəti, memarlığı, sənayesinin və elmin inkişafı haqqında geniş və ətraflı məlumat verilir. Çoxplanlı icmal ekskursiya, tematik və bir planlı ekskursiyalardan rəngarəngliyi və çeşidliyi ilə fərqlənir və bir qayda olaraq hər bir şəhər üçün ayrıca tərtib olunur.
Çoxplanlı icmal ekskursiyanın məqsədi, şəhəri tarixən təşəkkül tapmış kompleks kimi, turistlərə təqdim etməkdir. Adları çəkilən ekskursiya tiplərinin hər birinin özünəməxsus xüsusiyyətləri, ekskursiyanın hazırlıq və aparılma tərzi var.