GİRİŞ
Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır.
Bu baxımdan turizm-ekskursiya işinin təşkilində ekskursiya rəhbərinin rolunu ayrıca qeyd etmək lazımdır. Ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir: Turizm sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb edir.
Bu xidmət informasiya-məlumatlandırıcı, təbliğat vasitəsi olmaqla yanaşı, həmçinin təşkilati, vasitəçi, ticarət, idman-əyləncə, bəzi hallarda operativ-nəzarət fəaliyyətini də əhatə edir. Ekskursiya latın sözü olub, Ekcursio - gəzib dolanmaq deməkdir.Ekskursiya rəhbərinin başçılığı ilə maraqlı və diqqətə layiq yerlərə və digər obyektlərə elmi və ya mədəni maariflənmə məqsədilə edilən gəzintidir. Ekskursiya bizi əhatə edən aləmi əyani dərk etmək prosesidir.Bu proses təbiətdə və qapalı yerdə əvvəlcədən seçilmiş obyektlərə baxış ilə əlaqədardır.Obyektə baxış,danışıqla ahəng təşkil edilməlidir.
Ekskursiya aşağıdakı əlamətlərinə görə seçilir:
- 45 dəqiqədən 1 sutkaya qədər müddətdə davam edir. Bir neçə günlük ekskursiyalar olmur, bu,artıq nəqliyyatda səyahətdir.
- Ekskursiya qrupunun olması (7-30 nəfər) və ya fərdi ekskursiya iştirakçıları(1-7 nəfər).
- İxtisaslı mütəxəssisin ekskursiya rəhbəri olması.
- Ekskursiya obyektləri ilə nəqliyyat hərəkət edərkən və dayananda tanışlıq,həmçinin dayanacaqlarda qrupun nəqliyyatdan düşüb obyektlə birbaşa tanışlığı vacibdir.
- Dəqiq, təyinatlı mövzunun olması,çünki mövzu obyektə baxışın əsas istiqamət vericisidir. Bu sadalanan hər hansı bir əlamətin olmaması səyahəti ekskursiya adlandırmağa imkan vermir.