TƏLİM NƏTİCƏSİ 3
3.4.1. AQROTURİZMİN XÜSUSİYYƏTLƏRİNİ GÖSTƏRİR
AQROTURİZM
Bu gün Azərbaycanda turizmin bu və digər turizmin növləri ilə yanaşı aqroturizmin inkişafı üçün münbit şərait mövcuddur. Amma bu sahənin inkişaf tempi hələlik digərlərindən zəifdir. Ölkəmizdə aqroturizmi inkişaf etdirmək üçün bu sahədə dünya təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, aqroturizm yerli icmaların kənd və rayonların bütünlükdə ölkənin davamlı sosial-iqtisadi və mədəni inkişafında önəmli rol oynayır. Bu turizm növünün digərlərindən fərqi ondan ibarətdir ki, turist üçün vacib olan ehtiyaclar kənddə axtarılır. Mənzərəli ərazilərdə xüsusi turist mərkəzləri yaradılır.Burada turistə tam xidmət paketi (rahatlığı, qidalanma rejimi, mədəni-əyləncəli proqramlar və s. ilə 5 ulduzlu mehmanxana xidmətinə yaxın xüsusi otaqlar təqdim edilir). Həmçinin turistə canlı təbiətlə əlaqə, kəndin məşğuliyyəti və təbii ehtiyyatlarla tanışlıq üçün şərait yaradılır.
Aqroturizmdə turistlərin yerləşdirilməsi üçün dünyada fərqli modellərdən istifadə olunur. Məsələn: İtaliyada əsasən aqroturistlərin fermada və həyətyanı sahələrdə ayrıca otaqda, kənd mehmanxanasında, xüsusi kənd evlərində, tarixi binalarda yerləşdirilməsi təcrübəsinə üstünlük verilir. İngilis dilli ölkələrdə - Böyük Britaniyada, ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Skandinaviya ölkələrində aqroturistlərin qonaq evlərində, pansionatlarda, kiçik həcimli evlərdə yerləşdirilməsinə üstünlük verirlər. Belə yerlər kəndlərdə təbiətin qoynunda olur.
Göründüyü kimi, dünyada mükəmməl və vahid aqroturizm konsepsiyası yoxdur. Amma fakt odur ki, Avropada turizm sənayəsi 30 ildən artıqdır ki, sürətli inkişaf etməkdədir. Halbuki vaxtilə Avropa ölkələrində aqroturizmin rolunu o qədər də yüksək qiymətləndirmirdilər. Hətta İtalya, Fransa kimi ölkələrdə qorxurdular ki, kənd yerlərində aqrobizneslə məşğuliyyət kənd təsərüfatının inkişafına mane olacaq və kəndlilər məhsul istehsalından uzaqlaşacaqlar. Amma bu heçdə belə olmadı. Əksinə, aqroturizmlə məşğuliyyət kənd təsərrüfatının inkişafına təkan verdi. Yəni fermerlər nümunəvi kənd təsərrüfatı müəssisələri yaradaraq əldə etdikləri yüksək nəticələri və bioloji təmiz məhsulları insanlara nümayiş etdirməklə aqroturizm sənayesi yaratdılar. Əldə olunan nailiyyətlər bir çox avropa ölkələrini aqroturizmin inkişafına sərmayə qoyulmasına təkan verir. Qeyd etmək lazımdır ki, aqroturizmin inkişafında yerli hakimiyyətin (bələdiyəllərin, yerli icra orqanlarının) müstəsna rolu var.
Aparılan araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşlarının hələlik bu sahəyə marağı zəifdir. Aqroturizmlə məşğul olan firmalar az saydadır. Bu hal keçmiş sovet ölkələrinin çoxuna xasdır. Halbuki, Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər təbiət və təsərrüfat resursları mövcuddur.