TƏLİM NƏTİCƏSİ 3
1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilib. Elə həmin il iyulun 27-də ölkə Prezidenti Heydər Əliyev Azərbaycanda “Turizm haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. Bu qanun ölkədə turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsində dövlət siyasətinin prinsiplərini və turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi. 2001-ci ilin sentyabrından isə ölkəmiz Beynəlxalq Turizm Təşkilatının üzvüdür. Yəni Azərbaycan dünya turizm məkanında da yerini və mövqeyini möhkəmlədib.
Azərbaycanda turizmin inkişaf etdirilməsi və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə dövlət başçısının 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına yardım Dövlət Proqramı” təsdiq olundu. Neçə illərdir ki, ölkəmizdə turizm hər il yüksələn xətlə inkişaf edir. Misal üçün, 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 1 milyon 300 mini keçmişdir. Bu göstərici hər il artmaqda davam edir. Azərbaycanda 2009-2018-ci illər üçün qəbul edilən turizm sektorunun inkişafı üzrə dövlət proqramı ölkəmizdə yaxın gələcəkdə turizm sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır. Ekoloji turizmin inkişafı da qarşıda duran prioritet sahələrdən biridir.