TƏLİM NƏTİCƏSİ 3
Əvvəllər turizm deyəndə təsəvvürə ilk olaraq dəniz, qum, çimərlik və günəş, sonra isə kondisionerli otaq gəlirdi. Lakin son illər xarici turistlər ucqar,mənzərəli, təkrarı olmayan yerlərə səyahət etmək, meşələrdə gecələmək, quşların səsini eşitmək, dağlara çıxmaq, təbii bulaqlardan su içmək, bir sözlə, təbiətin qoynunda dincəlmək, ocaq üstə bişən təamlardan dadmaq istəyirlər.
Ona görə də turizmin bu növü artıq dünyanın diqqət mərkəzindədir, ekoloji və iqtisadi baxımdan sərfəli, macəra axtaranlar üçün də maraqlı. Göründüyü kimi, ekoturizm insanlara təkcə dincəlmək deyil, həm də müxtəlif mədəniyyətlərlə, adət-ənənələrlə yaxından tanış olmaq imkanı verir. Doğrudan da, Azərbaycanın elə dağları, meşələri, şəlalələri var ki, indiyədək ora nəinki xarici turistlərin, heç təbiətşünasların da ayağı dəyməyib. Təbiət yarandığı kimi ecazkar, aşınmamış, təkrarsızdır.
Bir anlığa antik dövrlərə səyahət etsək, Plutarx, Herodot, Ptolomey və Strabon kimi əfsanəvi səyahətçilər bələdçimiz olar. Onların məlumatlarında deyilir ki, Böyük İpək yolunun ən fəal “marşrutlarından” biri Qafqaz Albaniyasından keçir. Təbiəti çox əlverişli, havası da təmizdir. İpək yolunun üstü olduğundan həyat burada daim qaynayır, tüccarlar da çox fəaldırlar.Tarixin müxtəlif dövrlərində Azərbaycana səyahət etmiş Marko Polo, Qonzales, Sadko, Övliya Çələbi, Ambrocco, Afanasi Nikitin kimi səyyahlar, tacir və diplomatlar da dünya tarixində
Azərbaycanın layiqli yer tutduğundan və qeyri-adi
təbiətindən danışıblar. Antik məlumatlarda qeyd olunur
ki, Qafqaz Albaniyasının təbiəti o qədər füsunkardır ki, ilin
bütün fəsillərində burada yaşamaq olar. Yeri gəlmişkən
xatırladaq ki, xarici mütəxəssislər qış turizmi üçün də
ölkəmizi ən uyğun məkan seçiblər.
Ekoturizmdə Azərbaycanın tayı-bərabəri olmayan Şuşa,
Laçın və Kəlbəcər kimi əraziləri indi düşmən tapdağındadır.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində
və ətraf rayonlarında baş verən hadisələr nəticəsində bu yerlərə daxili və xarici turistlərin sayı
xeyli azalmış, sonralar isə bu bölgələr düşmən tərəfindən işğal olunduğundan turizm mərkəzləri
fəaliyyətlərini dayandırmışlar.